Bakıda keçirilən Caz Festivalı çərçivəsində kino günləri təşkil olundu

12:56 - 16 Sentyabr 2021

XVI Bakı Caz Festivalı çərçivəsində İçərişəhərdə yerləşən Art Tower-də kino günləri keçirilib. Tədbirdə ötən əsrin əfsanəvi kinematoqrafiya nümunələri təqdim olunub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, kinoşünas Ülvi Mehdi kino və caz həvəskarlarına alman rejissoru Vim Vendersin inqilabdan sonrakı Kuba haqqında sənədli film improvizasiyası və əfsanəvi diksilend caz qrupu “Buena Vista Social Club” haqqında danışıb.  Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini 1990-cı illərin ikinci yarısında Kubaya səfəri və “Buena Vista Social Club”un konsertlərindən aldığı təəssüratlardan bəhs edib.

Rejissor Martin Skorsezenin 1977-ci ildə çəkdiyi “Nyu-York, Nyu-York” filminin nümayişi tamaşaçılarda xüsusi maraq oyadıb. Özündə komediya elementlərini birləşdirən lirik drama Hollivud ulduzları Robert de Niro və Layza Minellinin iştirakı ilə çoxsaylı musiqi nömrələri də daxildir.

Nümayişlər gənclərin fəal müzakirələri ilə müşayiət olundu. Kinoşünas Ülvi Mehdi tamaşaçılara – kino və caz həvəskarlarına XX əsr Bakısının retro yay kinoteatrlarının ab-havasını yaratdıqlarına görə təşəkkürünü bildirib.