"Salam" Beynəlxalq Yeniyetmə Film Festivalınının bağlanış mərasimi keçirilib

10:24 - 4 Sentyabr 2023

Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının sonuncu günündə rejissor Mirbala Səlimlinin "Qırmızı bağ" (2016, Azərbaycan) filmi iştirakçılara nümayiş etdirildi. Nümayişdə həm rejissor özü, həm də baş rolların ifaçıları aktyorlar Maqsud Məmmədov və Gülzar Qurbanova iştirak edirdilər. Filmə baxdıqdan sonra yeniyetmələr yaradıcı heyətlə çox maraqlı müzakirələr etdilər, film haqqında təəssüratlarını bölüşdülər.

Daha sonra festival iştirakçıları Leyla və Məryəm Məmmədovalar öz "Qarabağ çiçəkləri" adlı kitablarının yaradılma prosesindən danışdılar.

Yuxarıda adı çəkilən proqramdan sonra yeniyetmələr kinomarafon zamanı çəkdikləri qısa filmləri böyük ekranda izlədilər. Bu filmlərin nümayişi böyük canlanmaya səbəb oldu, dərin təəssüratlar buraxdı.

Bağlanış Mərasimində Festivalın Art direktoru Leyla Dostəlizadə bütün iştirakçılara, qonaqlara və festivala dəstək olmuş təskilatlara təşəkkür bildirdi. Xarici iştirakçılara sertifikatlar təqdim olundu. Proqram direktoru Nərgiz Bağırzadə festival iştirakçılarının - jürinin səsverməsi nəticəsində müəyyən olunmuş qalibləri səsləndirdi. "Ən yaxşı bədii film" mükafatını "Dancing Queen " (Norvec, rej.: Aurora Gossé  ) filmi qazandı. "Jurinin xüsusi mükafatı"na Mirbala Səlimlinin "Qırmızı bağ" filmi layiq görüldü. "Delegation" (Polşa, İsrail, Almaniya, rej.: Asaf Saban) filminə isə "İnsan ləyaqətinin təsdiq olunması və xatirəyə görə " xüsusi mükafatı təqdim olundu. Mərasimin sonunda təsisçi- prezidenti Nəriman Məmmədov Festivalın bağlanmasını elan edərək 2-ci buraxılışın 350 iştirakçısına və qonaqlara bir daha təşəkkür etdi və uğurlar dilədi.

"Narimanfilm" kinostudiyası "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalını Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, həmçinin "PAŞA Holdinq"in baş sponsorluğu ilə keçirir.

"Salam" BYFF - nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin mədəniyyətinin təbliği, gəncliyimizin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda  keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır.