Xalq artisti Şahmar Ələkbərovun xatirə gecəsi keçirilib

10:51 - 24 Sentyabr 2023

Sentyabrın 23-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin, Azərbaycan Kino Agentliyinin və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə Xalq artisti Şahmar Ələkbərovun 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xatirə gecəsində Şahmar Ələkbərovun iştirak etdiyi filmlərdən kadrlar nümayiş olunub.

Tədbirdə Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Elxan Cəfərov çıxış edərək bildiriblər ki, Xalq artistinin milli kinematoqrafiyamızın inkişafında müstəsna xidmətləri olub. Onun filmləri xalqımız tərəfindən sevə-sevə izlənilir.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq artistləri Şəfiqə Məmmədova, Vaqif Mustafayev, Tariyel Qasımov, Əbdül Mahmudov, Həmidə Ömərova, Fəxrəddin Manafov, Əməkdar artist Loğman Kərimov və Əməkdar incəsənət xadimi Ayaz Salayev Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüblər. Aktyorun ömür və sənət yolunun, yaradıcılığının maraqlı məqamlarından, Azərbaycan mədəniyyətində, kino sənəti tarixində yerindən, aktyorluq, rejissorluq fəaliyyətindən bəhs edilib, ömür yoluna bir daha nəzər salınıb. Bildirilib ki, Şahmar Ələkbərov aktyor və rejissor kimi hər zaman işinə məsuliyyətlə yanaşıb. O, vətənpərvərlik ruhu ilə yaşayan, ölkə kinosuna yeni nəfəs verən bir şəxs olub.

Çıxışlarda qeyd edilib ki, Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında milli-mənəvi dəyərlərimizin ən əhəmiyyətli nümunələri sırasında olan bir sıra filmlər var. Şahmar Ələkbərovun milli-mənəvi dəyərlərimizə söykənən bu filmləri Azərbaycan kinosunda qalıcı iz buraxıb.

Xatirə gecəsində Xalq artisti Mənsum İbrahimovun və Əməkdar artist Ceyla Seyidovanın ifaları dinlənilib.