Özbəkistanda Azərbaycan kinosu günü keçirilib

11:59 - 2 Oktyabr 2023

 

Özbəkistanda beynəlxalq film festivalı çərçivəsində Azərbaycan kinosu günü keçirilib. Tədbir  "İpək Yolunun mirvarisi” adlı XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.

 

 Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistan və Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin rəsmiləri, hər iki ölkənin kinematoqrafçıları, festivala gələn nümayəndə heyəti, mədəniyyət, kino sahəsi üzrə gənc mütəxəssislər, tələbələr və yerli azərbaycanlılar iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan nümayəndə heyəti və qonaqlar və iştirakçılar Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə, Şəhidlər bağına gül və çiçəklər qoyublar.

 

Sonra onlar Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan kinosu – 125 və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş foto və kitab sərgisi ilə tanış olublar.

 

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uzun bir inkişaf dövrü keçmiş Azərbaycan kinosu və onun nailiyyətlərindən danışıb. O, Azərbaycan kinosunun yarandığı gündən azərbaycanlılığa, milli düşüncəyə və ideologiyaya xidmət etdiyini və filmlərimizin daim Özbəkistanda böyük maraqla qarşılandığını söyləyib. Diplomat Azərbaycan kino sənətinə yüksək qiymət verən Ümummilli Liderimiz Heydər Əliyevdən sitat gətirib: “Azərbaycan xalqının bir çox nəsli kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib, mədəniyyətə qovuşubdur. Xalqımızın inkişafında, inkişafında kinonun rolu misilsizdir”.

 

Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Özbəkistan Kinematoqrafiya Agentliyi təmsilçisi, “Kino Muzeyi”nin direktoru Gülnara Mahmudova ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsində mədəni sahədə əməkdaşlığın böyük rolu olduğunu bildirib, klassik və müasir filmlər haqqında materialların qorunması istiqamətində görülən işlərdən danışıblar. “Arşın mal alan”, “Qaynana”, “Əhməd haradadır” kimi klassik filmlərimizin Özbəkistanda çox sevildiyini və hər il dəfələrlə nümayiş etdirildiyini bildirən çıxışçılar, Azərbaycan və Özbəkistan dövlətlərinin rəhbərləri İlham Əliyevlə Şavkat Mirziyoyevin vaxtaşırı görüşlərinin ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafına təkan verdiyini, mədəniyyət sahəsində də yeni imkanlar açdığını qeyd ediblər.

 

Tədbirdə Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən imzalanan nekroloq qeyd olunub və tədbir iştirakçıları Qənirə Paşayevanın ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

 

“Azərbaycan kinosu günü”nün açılışı mərasimində rejissor Elçin Musaoğlunun “Məryəm” filmi nümayiş edilib. Filmin əsas süjet xətti Məryəm adlı qızın uzun illər sonra ruhi-əsəb xəstəxanada müalicə alan atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub.

 

“Məryəm” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Sonda çıxış edən filmin rejissoru Elçin Musaoğlu filmin çəkilişləri, onun əsas məqsədi haqqında danışaraq, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.