III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb

00:41 - 12 Oktyabr 2023

Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində “Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində III "Korkut Ata" Türk Dünyası Film Festivalının bağlanış mərasimi olub.

 Mərasimdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, rəsmi şəxslər, Türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.

Tədbirdən əvvəl Arzu Əliyeva Mərkəzdə milli geyimlər və Azərbaycanın klassik və müasir filmlərinin posterləri olan sərgi ilə tanış olub.

Sonra mərasimdə dörd gün davam edən festivala həsr olunan videoçarx nümayiş olunub.

TÜRKSOY-un Baş katibi Sultan Raev çıxış edərək festival barədə təəssüratlarını bölüşüb. O, III “Korkut Ata” Türk Dünyası Film Festivalının Türk dünyası filmlərini tanıtmaq üçün böyük bir fürsət olduğunu bildirib: “Bu festivala gələcəkdə də dəstək olmağa davam edəcəyik”.

Sultan Raev çıxışının sonunda TÜRKSOY-un xüsusi mükafatını Xalq artisti Fəxrəddin Manafova təqdim edib.

 

Münsiflər heyətinin sədri, Xalq artisti Vaqif Mustafayev festivalın əhəmiyyətindən bəhs edib.

 

Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti qonaqlara təqdim olunub.

Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay (hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olunub.

“Jambıl” filminə görə qazaxıstanlı rejissor Dosjan Janbotaev, “Hep 33 yaşında” filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görülüb.

 

“Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev ("Qızıl alma", Türkmənistan), "Ən yaxşı aktrisa" nominasiyası üzrə mükafatı isə Təhminə Rafaella ("Məryəm", Azərbaycan) qazanıb.

“Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan) filmi layiq görülüb.

“Ən yaxşı rejissor” nominasiyasında Zhuraeva Asel Talibzhanova (“Tanrıverdi”, Qırğızıstan) qalib olub.

“Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafat “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.

“Ən yaxşı bədii film” nominasiyasında “Yıldız tozu” (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub. Mükafat Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva tərəfindən təqdim edilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli növbəti “Korkut Ata” festivalının Türkmənistanın Anev şəhərinə ötürülməsini və orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatını Türkmənistanın nümayəndəsinə təqdim edib.

 

Adil Kərimli çıxışında III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətini yüksək qiymətləndirərək əməyi keçənlərə təşəkkürünü bildirib.

Bədii hissədə “Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 8-dən 11-dək paytaxtımızda keçirilib.

2021-ci ildən təşkil olunan festivalın birincisi Türkiyənin İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində təşkil edilib.

Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub.

Filmlər Nizami Kino Mərkəzində nümayiş etdirilib.