00:00 - 6 Noyabr 2016

Noyabrın 5-də Nizami Kino Mərkəzində “Yeni nəfəs–2” adlı qısametrajlı ssenari müsabiqəsinin qaliblərinin adları açıqlanıb.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev müsabiqə haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilən müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilib.

İlk müsabiqənin 2 il əvvəl keçirildiyini vurğulayan C.Quliyev qeyd edib ki, budəfəki müsabiqəyə 100-ə yaxın ssenari daxil olub. Onlardan 42 müəllifin 63 ssenarisi müsabiqəyə buraxılıb. Ssenarilər beş nəfər tanınmış sənət adamlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Kodlaşdırılmış ssenarilərin oxunuşu zamanı bütün şəffaflıq qorunub.

C.Quliyev deyib ki, müsabiqə artıq ikinci dəfə keçirilir və bu dəfə təqdim olunan ssenarilər öz orijinallığı, rəngarəngliyi, professionallığı və mövzu baxımından fərqlənib. Bu ənənə artıq davam edəcək və “Yeni nəfəs-3” müsabiqəsi keçiriləcək. Bununla yanaşı, gələn ilin fevralında Kinematoqrafçılar İttifaqı tərəfindən başqa səpkili müsabiqə də elan olunacaq.

Diqqətə çatdırılıb ki, ilk onluğa düşən ssenarilərin müəllifləri üçün ustad dərsləri keçiriləcək. Birinci dəfə keçirilən müsabiqənin qalibi olan “İkinci güllə” (Natiq Rəsulov) ssenarisi əsasında “Nərimanfilm” kinostudiyası tərəfindən film çəkildiyini və artıq tamamlanma işlərinin getdiyini söyləyən C.Quliyev yaxın gələcəkdə bu müsabiqədə qalib olan ssenarilər əsasında da filmlərin  çəkiləcəyinə ümidvar olduğunu deyib.

“Yeni nəfəs-1” artıq toplu halında çap olunub və gələn il “Yeni nəfəs–2” ssenari müsabiqəsinin qalibi olan işlər də nəşr ediləcək.

Tədbirdə müsabiqənin münsiflər heyətinin üzvləri - Əməkdar İncəsənət Xadimi, kinorejissor və ssenarist Ayaz Salayev, tanınmış yazıçı, Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə, Xalq Artisti Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova çıxış edərək təqdim olunan ssenariləri yüksək qiymətləndiriblər. Bildirilib ki, müsabiqəyə qat-qat yüksək səviyyəli ssenarilər təqdim olunub. Bu, deməyə əsas verir ki, kinoya yeni nəfəs gəlir və bu yeni nəsil Azərbaycan kinosunun gələcək uğurlu inkişafından xəbər verir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının gənclərin istedadının üzə çıxarılmasına xüsusi önəm verdiyini söyləyən çıxışçılar qurumun bu istiqamətdə gələcəkdə böyük planları olduğunu bildiriblər.

Sonra qaliblərin adları açıqlanıb. Birinci yerə Ayşad Səfərəliyev və Orxan Səmədov, ikinci yerə İlqar Quliyev, üçüncü yerə isə Murad Muradov layiq görülüb. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunub. Birinci, ikinci və üçüncü yerlər üçün müvafiq olaraq 2000, 1500 və 1000 manat məbləğində pul mükafatı verilib.

 

Müsabiqənin informasiya dəstəyi AZƏRTAC, Trend və Day.az informasiya agentlikləri, “Kaspi” və “Mədəniyyət” qəzetlərinə məxsusdur.