Ənvər Əblucun 75 illik yubileyidir

13:50 - 10 Yanvar 2022

Azərbaycan kinosunda özünəməxsus dəst-xəttinə görə sayılıb-seçilən, quruluş verdiyi ekran əsərlərində hər dövr hadisələrini dərindən duyan, məna dərinliyi ilə əks etdirən bacarıqlı kinorejissorlarımızdan biri də Respublikanın Əməkdar incəsənət xadimi, kinorejissor Ənvər Əblucdur. Müxtəlif janrlı filmlərində fərqli dövrlərin hadisələrini, ab-havasını, cəmiyyətin davranış qaydalarını, mürəkkəb insan münasibətlərini ustalıqla xarakterizə edən, filmlərdəki hadisələrə bilavasitə müəllif münasibətini bildirən, mövqeyini bəyan edən kinorejissorun 75 yaşı (06.01.1947) tamam olur. Ənvər müəllimi yubiley ili, yeni yaşı münasibəti ilə təbrik edir, ona çoxsaylı tamaşaçılar və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti adından cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 Həyat hadisələrinin inikası olan kino sənəti ilk növbədə əks etdirdiyi hadisələrdə yaşarılığı, inandırıcılığı, emosional təqdimatı sevir. Ənvər Əblucun “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırdığı filmlər də yuxarıda söylənilənləri əks etdirməklə baxımlılığının davamlı olmasına, izləyicilərini düşündürməyə vadar edib. Ənvər müəllimin hadisələrə intuitiv yanaşması, fərqli, orijinal quruluşlarda təqdim etməsi hadisələrin şərhini verməklə bərabər, filmərində rol alan aktyorların (əsasən, gənc nəsil aktyorların) peşəkarlığına səbəb yaradıb.

1973-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirən kinomanın yaradıcılıq filmoqrafiyasına 40-dan çox film daxildir. Bunların içərisində bədii, sənədli və “Mozalan” filmləri var. Onu da qeyd edək ki, Ənvər müəllimin quruluş verdiyi “Qara gölün cəngavərləri” (1984) tarixi-macəra filmi 1985-ci ildə Minsk şəhərində keçirilən XVIII Ümumittifaq Kinofestivalında Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Diplom və Prizinə layiq görülüb.

Film 1905-ci ildə neftçilərin fəhlə qəsəbəsində baş verən hadisələrdən bəhs edir. Ağır şərtlər altında işləyən fəhlələrin əmək şəraitinin dözülməzliyi göstərilir. Fəhlələr  neft mədənlərində tətil edirlər. Macəra filminin qəhrəmanları içərisində uşaqlar da var. Kiçik yaşlarından həyatın acısını dadmağa, çətinliklərlə üzləşməyə məcbur olan azyaşlıların və yeniyetmələrin çətin, fərəhsiz həyat şəraiti tamaşaçıları düşündürür, kiçik yaşlarından əməyi istismar olunan uşaqların haqqını tapdalayan istismarçılara (kapitalistlərə) qarşı ikrah hissi yaradır.

Rejissorun 1995-ci ildə ekranlaşdırdığı Qarabağ müharibəsindən bəhs edən “Ağ atlı oğlan” filmi İran İslam Respublikasında Beynəlxalq Uşaq Filmləri Festivalında, “Məhəmməd Biriya” (2004) sənədli filmi İsveç Krallığında keçirilən Beynəlxalq kinofestivalında iştirak edib, “Tərsinə çevrilən dünya” bədii filmi isə 2012-ci ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Polis Filmləri Festivalında diploma layiq görülüb.

Azərbaycan dublyaj sahəsində xidmətləri olan əməksevər rejissor kinonun vacib qolu olan dublyaj sənətinə də öz töhfələrini verib, istedad və bacarığı fonunda filmlərin Azərbaycan dilində tamaşaçılara çatdırılmasında, qüsursuz səsləndirmə vasitəsilə ana dilimizin təkmilləşməsi istiqamətində (rejissor kimi) böyük əmək sərf edib.

Yaradıcılığı tamaşaçılar tərəfindən bu gün də sevilə-sevilə izlənilən, baxılan rejissorun kino fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. 2006-cı ildə  Əməkdar incəsənət xadimi fəxri adına, 2018-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.