Azərbaycanlı rejissorun beynəlxalq uğuru

13:18 - 14 Noyabr 2022

Azərbaycanın tanınmış kino rejissoru Şamil Əliyevin “Yaradanlar” (CREATORS) filmi 95–ci Oskar Akademiyasının mükafatına namizədlərin siyahısına daxil edilib.

Xatırladaq ki, Amerika İncəsənət və Elmlər Akademiyasının 95–ci Akademiya mükafatlarının təqdimat mərasimi 2023–cü il martın 12–də, bazar günü keçiriləcək.

Şamil Əliyevin filmi 20–ci əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist–bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.

Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020–ci ildə “Salnamə” kinostudiyasında lentə alınan “Yaradanlar” filmi beynəlxalq festivallarda zəfər yürüşünü uğurla davam etdirir.

Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar, professor Elbəy Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyi və İdarə Heyətinin üzvləri filmin yaradıcılarına  yeni uğurlar arzulayır.