"Həyat deyəsən gözəldir" filminin təqdimatı keçirilib

21:53 - 26 May 2023

"Yarat" Müasir İncəsənət Muzeyində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti, rejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filminin təqdimat mərasimi təşkil olunub.

 Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. O, rejissor Vaqif Mustafayevin yaradıcılığı haqqında danışıb, filmin ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkür edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Oqtay Mirqasımov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü yazıçı-publisist Əlisəfdər Hüseynov Vaqif Mustafayevin zəngin yaradıcılığı və ekranlaşdırdığı filmlərin özünəməxsusluğu, kino estetikası barədə çıxışlar ediblər.

Sonra “Həyat, deyəsən, gözəldir” filminin nümayişi olunub.

Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.

İlkin işçi adı “Fəryad II” olan filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, təsvir rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, geyim rəssamı Keti Kalandadze, bəstəkarı Tural Məmmədli, prodüseri isə Fariz Əhmədovdur. Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze çəkiliblər.

Qeyd edək ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub