“Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” tədbirinin açılışı keçirildi

22:19 - 3 Avqust 2023

Avqustun 3-də “CinemaPlus Gənclik Mall” kinoteatrında Mədəniyyət Nazirliyi və Kino Agentliyinin və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı" adlı silsilə film nümayişlərinin açılış mərasimi keçirilib. "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə çıxış edərək, Azərbaycan kinosunun inkişafı istiqamətində təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən söz açıb: "Azərbaycan Kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə klassik Azərbaycan filmləri festivalını keçirməyi düşündük. Bu yolda bizə dəstək olan Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyasına sonsuz təşəkkürümüzü bildiririk ki, burada nümayiş olunacaq filmləri bizə təqdim etdilər. Biz bütün bu filmləri tam yeni formatda yenilədik və bunu də sizə nümayiş etdirmək istədik".

Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov kino nümayəndələrini təbrik edərək bildirib ki, 2 il bundan əvvəl Rusiya kinoteatrlarında oxşar bir təşəbbüslə çıxış etdik və təxminən bir həftə ərzində Azərbaycan kinosu Moskva kinoteatrlarında nümayiş olundu: "Azərbaycan kinosunun qərib ölkədə nümayişi bizim üçün qürurverici idi. Orada klassik filmlərimizlə yanaşı, müasir filmlər də nümayiş olunurdu. Eyni zamanda, Azərbaycanın səssiz filmləri də orada təqdim edildi. Bizim milli filmlərimiz universaldır və bütün ölkələrdə nümayişə tam yaralı ekran əsərləridir".

Xalq artisti, kinorejissor Vaqif Mustafayev bu layihənin gözəl təşəbbüs olduğunu vurğulayaraq Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib, həmçinin bütün kino ictimaiyyətini təbrik edib.

Sonda 1985-ci ildə istehsal edilən "Bəyin oğurlanması" filmi tam yenilənmiş versiyada nümayiş olunub.

Qeyd edək ki, avqustun 3-dən 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” üzrə 21 Azərbaycan filminin nümayişi təşkil olunacaq. Giriş sərbəstdir.