29-cu Sarayevo Film Festivalının açılışı olacaq

15:10 - 11 Avqust 2023

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu il 29-cu dəfə təşkil edilən Sarayevo Film Festivalı (SFF) sabah qırmızı xalça mərasimi ilə qapılarını kinosevərlərin üzünə açmağa hazırlaşır. Festivalda bu il 70 ölkədən 230-dan çox film nümayiş etdiriləcək.

Festival zamanı bir həftə ərzində bölgənin mədəniyyət mərkəzinə çevrilən Sarayevo bu il dünyaca məşhur qonaqları qəbul edəcək.

Bu il “Sarayevonun ürəyi” fəxri mükafatı amerikalı rejissor, kinoprodüser və ssenarist Çarli Kaufmana təqdim olunacaq. Kaufman Sarayevoda pərəstişkarları ilə qırmızı xalçada görüşəcək.

Bu gün axşam baş tutacaq qırmızı xalça mərasimindən sonra festival sloveniyalı rejissor Nenad Cicin-Sainin “Gələcəyi öp” filmi ilə açılacaq. Ekran əsəri Bosniya və Herseqovina müharibəsi zamanı mühasirədə qalan Sarayevo xalqının mübarizəsindən bəhs edir.

Festival Sarayevoda, eləcə də ölkənin digər böyük şəhərləri Mostar və Tuzlada davam edəcək. Bu dəfə festivalda bədii filmlər, qısametrajlı filmlər, sənədli filmlər və tələbə filmləri kateqoriyalarında “Sarayevonun ürəyi” mükafatı uğrunda 49 film mübarizə aparacaq.

Festival çərçivəsində “Bədii filmlər” kateqoriyasındakı filmlərdən 2-nin dünya, 5-nin isə regional premyerası olacaq.

Festival avqustun 18-i axşam keçiriləcək mükafatlandırma mərasimi ilə başa çatacaq.