Sabir Məmmədovun doğum günüdür

10:31 - 24 Yanvar 2024

Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Sabir Novruz oğlu Məmmədov doğum günüdür.

Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov, teatrın səhnəsində Xöşbəxt adam ("Park" R.İbrahimbəyov), 1-ci ərizəçi ("Lənkəran xanının vəziri" M.F.Axundov), Hüseyn ("Bəxt üzüyü" V.Səmədoğlu), Toğrul ("Uca dağ başında" V.Səmədoğlu), Xəlil ("Müvəqqəti ər" R.N.Güntəkin) və s. kimi obrazlar yaradıb.

Sabir Məmmədov 1989-cu ildən Akademik Milli Dram Teatrında çalışır. Onun ifa etdiyi rollar sırasında Səfər ("Gecə döyülən qapılar" N.Xəzri), Kumar ("Qanqın böyük dalğası" C.Əfruz), Fərman ("Yalan" S. Rəhman), Şahmar ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Saday bəy ("Hökmdar və qızı" İ.Əfəndiyev), Akkanad ("Sokratı anma gecəsi" Ç.Aytmatov), İlus ("Burla xatun" N.Xəzri), Teymur ağa ("Lənkəran xanının vəziri" M.F.Axundov), Novruz bəy ("Aydın" C.Cabbarlı), Sarvan ("Bu dünyanın adamları" Hidayət), Şair ("Kəllə" N.Hikmət), Horatsio ("Hamlet" V.Şekspir), M.Ə.Sabir ("Hərənin öz payı" X.Qoca), Dulu Xaqan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Yavuz ("Afət" H.Cavid), Oğlan ("Qatil" Elçin), İsgəndər ("Ölülər" C.Məmmədquluzadə), Seyid Hüseyn ("Xurşidbanu Natəvan" İ.Əfəndiyev),Reşad ("İkinci səs" B.Vahabzadə) tamaşaçıların xüsusi rəğbətini qazanıb.

Sabir Məmmədov "Kamança" (Əbdüləli), "Qaçaq Süleyman" (Murad), "Yağışdan sonra" (Əmin), "Apardı sellər Saranı" (İgid), "Qırmızı qar" (Əsgər) teletamaşalarına və "Babamın babasının babası" (Tapdıq), "Təzə evlənənlər" (Rüstəm) və s. bədii filmlərə çəkilib.

Sabir Məmmədov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2005-ci ildən Prezident mükafatçısıdır. 2018-ci ildən Azərbaycan Respublikasının Xalq artistidir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Xalq artisti Sabir Məmmədovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayır.