Gülşən Səlimovanın 70 illik yubileyidir

10:31 - 30 Yanvar 2024

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, montaj rejissoru Gülşən Səlimovanın 70 yaşı tamam olur.

Gülşən Zəki qızı Səlimova 1954-cü il yanvarın 30-da Bakı şəhərində anadan olub. 1972-ci ildə 160 nömrəli orta məktəbi bitirib və həmin ildən C.Cabbarlı adında “Azərbaycanfilm” kinostudiyasına montajçı vəzifəsinə işə qəbul olunub. O, "Tütək səsi", "Ad günü", "Üzü küləyə", "İstintaq", "Bağlı qapı", "Özgə vaxt", "Girov", “Həm ziyarət, həm ticarət”, “Günaydın mələyim”, “Buta”, “Təhminə”, “O dünyadan salam” və s. bədii filmlərin montajçısı olmuşdur.

Gülşən Səlimova 1992-2013-cü illərdə Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetində “Rejissor və operator sənəti” kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub və uzun illər Azərbaycan Dövlət Film Fondunda fəaliyyətini davam etdirib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Gülşən xanımı yubiley yaşı münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı və işlərində uğurlar arzulayır!