00:00 - 2 Dekabr 2016

Dövlət Film Fondunda xalq artisti Nəcibə Məlikovanın 95 illik yubileyi keçirilib. 

 

 

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə baş tutub. 

 

Respublika Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, yubiley gecəsində aktrisanın ailə üzvləri, millət vəkili Ziyad Səmədzadə, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib. 

 

İlk öncə tədbir iştirakçılarına aktrisanın ömür yolundan bəhs edən videoçarx nümayiş olunub. Daha sonra Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək xalq artisti Nəcibə Məlikovanın səhnə və kino yaradıcılığından, kino mədəniyyətimizə verdiyi töhfələrdən söz açıb, onunla bağlı xatirələrini bölüşüb. 

Cəmil Quliyev unudulmaz aktrisa yaradıcılığı boyu klassik və çağdaş Azərbaycan dramaturqlarının qələmə aldığı dram və komediya janrında olan əsərlərdə obrazları peşəkarcasına canlandırdığını qeyd edib:

 

"Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir". 

 

Millət vəkili Ziya Səmədzadə də çıxış edərək xalq artistinin Azərbaycan kino mədəniyyəti tarixindəki xidmətlərindən danışıb, aktrisanın şəxsi xüsusiyyətlərindən söz açıb. 

 

Tədbir boyu aktrisanın iştirak etdiyi filmlərdən fraqmentlər nümayiş olunub. Həmçinin tədbir iştirakçıları Dövlət Film Fondunun foyesində aktrisanın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.