00:00 - 15 Dekabr 2016

Dekabrın 14-də Dövlət Film Fondunda Xalq rəssamı Elbəy Rzaquliyevin 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

 

Əvvəlcə qonaqlar rəssamın həyat və yaradıcılığına həsr olunmuş fotosərgiyə baxıblar.Daha sonra xatirə gecəsinin əsas hissəsi başlayıb.Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icra katibi əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbir iştiraşçılarını salamlayıb və böyük sənətkarın həyat və yaradıcıllığından danışıb. Sonra çıxış edənlər xalq artisti Oqtay Mirqasım, xalq rəssamı Rafiz İsmayılov, Mais Ağabəyov, əməkdar incəsənət xadimi Aydin Kazımzadə və başqaları çıxış edərək rəssamın həyat və yaradıcılığından söhbət açıb, öz xatirələrini bölüşüblər.

 

Vurğulanıb ki, E.Rzaquliyev 1964-cü ildə Əməkdar Rəssam, 1977-ci ildə isə Xalq Rəssamı fəxri adları alıb.O, Rəssamlar İttifaqının idarə heyətinə üzv seçilib, uzun illər Rəssamlar İttifaqının katibi olub. 1998-ci ildə milli incəsənətimizin inkişafına verdiyi əvəzsiz töhfələrə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Tədbirin sonunda Elbəy Rzaquliyevin qızı Aytən Rzaquliyeva çıxış edərək xatirə gecəsinin təşkili üçün hər kəsə minnətdarlığını bildirib.Gecədə “Yaddaş” sənədli filmlər studiyasında lentə alınan görkəmli sənətkara həsr olunan “Arzularını çəkən rəssam” sənədli filmi nümayiş olunub.

 

Qeyd edək ki, Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.