Xalq artisti Eldar Quliyevin 80 illik yubileyidir

00:00 - 18 Yanvar 2021

Bu gün görkəmli kinorejissor, Xalq artisti, Dövlət mükafatları laureatı Eldar Quliyevin 80 yaşı tamam olur.

 

 Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin məlumatına görə Eldar Quliyev 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. "Biri vardı, biri yoxdu…" adlı ilk qısametrajlı filmini çəkib. Bir sıra tanınmış bədii və sənədli filmlərin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkib. Bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə”, "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami”, "Nə gözəldir bu dünya…", "Girov”, "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib.

Eldar Quliyev 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.

Eldar Quliyev 1987-ci ildən "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərir.

Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidentidir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi olan Eldar Quliyevi İttifaqın İdarə heyəti adından 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayırıq.