Əməkdar İncəsənət xadimi Aydın Kazımzadənin yeni kitabı çapdan çıxıb

14:17 - 2 Aprel 2021

Tanınmış kinoşünas, jurnalist, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb. “Azərbaycan kino salnaməsi “ ( iki cilldə ) kitabının elmi redaktoru Əməkdar İncəsənət xadimi Cəmil Quliyevdir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı mətbuat xidməti bildirir ki, “ Azərbaycan kino salnaməsi “ ikicildliyi 1898 – 2018 –ci illərdə ölkəmizdə , C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və digər studiyalarda , kino şirkətlərində , televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan filimlərin filmoqrafiyasını əhatə edir.

Mövcud “Azərbaycan kino salnaməsi” nin 1–ci cildinə 1898 -2018 –ci illərdə yaradılmış tammetrajlı və qısametrajlı bədii, televiziya bədii , animasiya filmləri və “ Mozalan “ satirik kinojurnalının bədii süjetləri daxil edilmişdir. Nəşrdə eyni zamanda “ Bədii və animasiya filmlərinin əlifba göstəricisi “ və “ Kinorejissorların adlar göstəricisi “ də verilmişdir.

Kinosalnamə kino mütəxəsislərinin mədəniyyət, incəsənət, televiziya və dövri mətbuat işçilərinin, kino həvəskarlarının, eləcə də geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulmuşdur. Kinosalnamədə müəllifin və müxtəlif illərdə kino sahəsində çalışan insanların şəxsi arxivlərində qorunsun, C.Cabbarlı adına “ Azərbaycanfilm” kinostudiyasının fotosexində, həmçinin Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə olunmuşdur.