Bu il “Səbuhi” filminin 80 illiyi tamam olur

15:45 - 4 Oktyabr 2021

Bu il “Səbuhi” filminin 80 illiyi tamam olur.

Film Azərbaycan maarifçisi, dramaturqu və filosofu Mirzə Fətəli Axundovun həyat və fəaliyyətindən bəhs edir. Ekran əsərində Mirzə Fətəli öz xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilmişdir. Filmin rejissorları Amo Bek-Nazarov və Rza Təhmasibdir(ikinci rejissor). Bundan əlavə filmin bəstəkarı olan Tofiq Quliyevin və rejissor Rza Təhmasibin kinoda ilk işidir.

Film Axundovun həyatının vacib detallarını göstərir: əlifba islahatı üçün Türkiyəyə səfəri, ilk tamaşa, xalqın maariflənməsi üçün verdiyi çabalar, mübarizə…
Filmin əsas məziyyətlərindən biri budur:  Müəlliflər Axundov vasitəsilə xalqı ətalətdən, kədərdən, bədbinlikdən sıyrılıb hərəkətə, mübarizəyə səsləyir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, “Səbuhi” filmi  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.