00:00 - 1 May 2018

Bu gün tanınmış kino arxivi mütəxəssisi Nailə Bahadır qızı Hacıyevanın doğum günüdür.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Nailə Bahadır qızı Haciyeva 2 may 1958-ci ildə anadan olub. 1978-1983-cü illərdə M.Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “mədəni maarif işi” ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Şəmkir rayon muzeyində “abidə nəzarətçisi” kimi fəaliyyətə başlayıb. Bir müddət C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “kostyum üzrə işçi” kimi çalışıb.  1980-ci ildən 1998-ci ilə qədər Respublika Kino Prokat idarəsində işləyib. 1998-ci ildən bu günə qədər Dövlət Film Fondunda çalışır. Hazırda Dövlət Film Fondunun kino arxivi şöbəsində “baş mütəxəssis” kimi fəaliyyət göstərir.

Nailə Bahadır qızı Hacıyeva 2012-ci ildə Azərbaycan Respulikasının Prezidenti tərəfindən “tərəqqi medalı” ilə təltif olunub.

 

Eyni zamanda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan Nailə Haciyevanı, İttifaqın idarə heyəti adından 60 illik yubileyi münasibətiylə ürəkdən təbrik edir, ona can sağlığı, qadın xoşbəxtliyi, yaradıcıllıq uğurları arzulayırıq.