“Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin nəticələri elan edildi

12:00 - 13 İyul 2021

Xəbər verdiyimiz kimi ötən həftə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda İttifaqın elan etdiyi “Qarabağ Azərbaycandır” devizi ilə qısametrajlı, tammetrajlı, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri müəyyən olunub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, ssenarilər üzrə yaradılmış münsiflər heyətinin bu tədbirin yekunları ilə bağlı gəldiyi nəticələr müzakirə edilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Sədri Şəfiqə Məmmədova bildirib ki, müsabiqəyə 48 ssenari təqdim olunub. Təəssüf ki, müsabiqəyə sənədli film ssenarisi təqdim olunmamışdır. Ssenari müsabiəqsinin münsiflər heyətinə Əməkdar İncəsənət xadimi İntiqam Qasımzadə sədrlik edib.

 

Münsiflər heyətinin üzvləri Əməkdar İncəsənət xadimi Ayaz Salayev, Əməkdar İncəsənət xadimi Elxan Cəfərov, İttifaqın sədri Şəfiqə Məmmədova və Əməkdar Mədəniyyət işçisi Elçin Hami Axundov olub.Münsiflər heyəti ssenarilərin ideya səviyyəsi, dialoqların, mətnlərin üslub və bədii xüsusiyyətləri, ssenarilərin müsbət və mənfi cəhətlərini diqqətə çatdırmışlar. Münsiflər heyətinin üzvləri təəssüflə bildirib ki, təqdim olunmuş animisiya filmləri üçün ssenarilərin heç biri ideya səviyyəsinə və aktuallığına görə müəyyən olunmuş tələblərə cavab vermir. Münsiflər təqdim edilmiş ssenarilərə qiymət verilməsində ortaq məxrəcə gələ biliblər və qalib ssenariləri elan ediblər

 

  1. Ən yaxşı tammetrajlı film ssenarisi – “ Xəzər dalğası “: Rzayev Elnur Vahid oğlu.(Mükafatı - 5000 manat,
  2. Ən yaxşı qısametrajlı film ssenarisi – “ Xarı bülbül “: Nəsibli Leyla Eyvaz qızı.(Mükafatı - 3000 manat)

 

Qeyd edək ki, müsabiqəsinin qalibləri olan Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır.