Azərbaycan filmi beynəlxalq festivalda

16:23 - 21 Oktyabr 2021

“Sonuncu” sənədli filmi 29-cu “ENERGACamerimage” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışacaq.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, bu barədə  yerli KİV-ə "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib. Qeyd olunub ki, festival bu ilin 13-20 noyabr tarixlərində Polşanın Torun şəhərində keçiriləcək.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” Studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” filminin baş prodüseri Arzu Əliyeva, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.

Qeyd edək ki, “Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.