Xalq artisti Arif Quliyev vəfat edib

10:53 - 7 İyun 2021

Bu gün Xalq artisti Arif Quliyev vəfat edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə olunurdu.

Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.

Qeyd edək ki, Arif Quliyev 1950-ci ildə Əli-Bayramlıda (indiki Şirvan) anadan olub.

Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdı. Bundan başqa, aktyor "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalmışdı.

Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü. 

Allah rəhmət eləsin!