Şamil Əliyevin “Yaradanlar” sənədli filminin təqdimatı keçiriləcək

14:31 - 3 Dekabr 2021

Dekabrın 3-də Nizami Kino Mərkəzində rejissor Şamil Əliyevin “Yaradanlar” sənədli filminin təqdimatı keçiriləcək. İl ərzində müxtəlif beynəlxalq festivallarda iştirak edərək mükafata layiq görülmüş film ölkəmizdə ilk dəfə nümayiş olunacaq.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Azərbaycanın müasir memarlığının banilərindən olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edən film Memarlar İttifaqının təşəbbüsü, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunub. Filmin ideya müəllifi Elbay Qasımzadə, ssenari müəllifi Natiq Rəsulzadə, təsvir rejissoru Rüfət Süleymanov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynovdur.

Filmdə görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu zərbə diqqətə çatdırılır. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar. Filmdə o da vurğulanır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.