Azərbaycan kinosunun retrospektivi “İllüzion”da

17:51 - 3 Fevral 2022

Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə fevralın 7-dən 15-dək tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim edəcək. Proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə də sovet dövrünün son illərində çəkilmiş bir çox filmlər, həmçinin müasir rejissorların beynəlxalq kinofestivallarda uğur qazanmış ekran əsərləri nümayiş olunacaq.

 

Arki.az bilirir ki, bu barədə AZƏRTAC-a proqramının həmkuratoru, rejissor, Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov məlumat verib.

“Azərbaycanla Rusiya arasında tarixi bağlar əsrləri keçir və ölkələrimiz mədəniyyət, xüsusilə kinematoqrafiya sahəsində səmərəli əməkdaşlıq edir. Keçən ilin sonunda Azərbaycanın paytaxtında “Russian Film Festival” kinofestivalı keçirildi və elə bu günlərdə “İllüzion” kinoteatrında Azərbaycan kinosunun genişmiqyaslı retrospektivinə start verilir. Biz əminik ki, bu tədbir çoxsaylı kinosevərlərdə böyük maraq doğuracaq”, - deyə Rüfət Həsənov bildirib.

Onun sözlərinə görə, retrospektiv 2021-ci ildə Rotterdam Film Festivalında premyerası baş tutmuş Fariz Əhmədovun “Sonuncu” filminin nümayişi ilə açılacaq. “Sonuncu” – insan həyatından bəhs edən hekayə Xəzər dənizindəki Kürdili adasının yeganə sakininin həyatının son günlərini sənədli kadrlarla bədii formanın qovşağında əks etdirir.

Rüfət Həsənov deyib ki, on doqquz filmdən ibarət proqrama komediya və triller, nağıl və detektiv hekayələr, kino hekayələri, sevgi hekayələri, sosial dramlar və sürreal pritçalar daxildir. Nümayişlər kino tənqidçilərinin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunacaq.

“Biz Azərbaycan kinosunun yəqin ki, Moskvadakı ilk irimiqyaslı proqramını təqdim etməkdən məmnunuq. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq sayəsində biz təkcə Dövlət Film Fondumuzda saxlanılan sovet dövrünün filmlərini deyil, həm də yenidənqurma dövrünün kinosunu və müasir Azərbaycan "yeni dalğa"sının ən yaxşı nümunələrini nümayiş etdirəcəyik. Filmlərin çox hissəsi Film Fondunun arxivində qorunan 35 mm-lik kinolentdən nümayiş etdiriləcək və filmlərin rəqəmsal nüsxələri Azərbaycan Dövlət Film Fondu tərəfindən bizə təqdim olunub. Bu filmləri bu günlərdə böyük ekranda görmək demək olar ki, qeyri-mümkündür. Ona görə də hər yaşdan olan kinosevərləri əsl ziyafət gözləyir”, - deyə proqramın həmkuratoru, “İllüzion” kinoteatrının bədii rəhbəri Aleksandra Lavrova bildirib.