Amin Novruzovun 75 illik yubileyidir

11:41 - 7 Oktyabr 2022

Amin Novruzov 7 oktyabr 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. B u gün onun 75 yaşı tamam olur.

 

Arki.az bildiri ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində V.Yusovun emalatxanasında təhsil alıb. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərir. 1998-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sənətin sirlərini gənclərimizə öyrədir. Əməkdar incəsənət xadimidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
O, operator olmaq arzusu ilə 21 yaşında “Azərbaycanfilm” kinostudiyasına gəlir. Milli kinomuzun görkəmli operatorları və rejissorlarının yanında böyük kino məktəbi keçir. İlk dəfə operator assistenti kimi “Şərikli çörək” filmində adını titrlərdə görəndə sevincdən göz yaşlarını gizlədə bilmir. Son dərəcə sakit, nizam-intizamlı olması, işə ciddi münasibəti görkəmli sənətkarların nəzərindən yayınmır.
Tezliklə quruluşçu operatorlar Arif Nərimanbəyov və Zaur Məhərrəmovdan yeni dəvətlər alır. Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Rasim Ocaqov kimi rejissorların filmlərində operator assistenti kimi çalışır. 1977-ci ildə isə quruluşçu operator Rafiq Qəmbərov “Vulkana doğru” bədii televiziya filminə onu ikinci operator kimi dəvət edir.
Amin Novruzov ümumi nəzəri hazırlığı, peşə təcrübəsi ilə sənət müəllimi, dünya şöhrətli sənətkar Vladimir İvanoviç Yusovun diqqətini çəkir. 1983-cü ildə təhsilini başa vurandan sonra “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi çalışır. O, kameradan qəlbinin gözü ilə baxmağı bacarır... Çəkdiyi epizodlar qəlbinin işığı ilə nura boyanır. Bu işıq selində təkrarsız rənglər dünyası, ifadə çalarları yaradır. Amin Novruzovun ekran dili olduqca maraqlı və obrazlıdır. Mənalı planlar və rakurslar çəkilişlərində təsadüfi xarakter daşımır. O, standart formalardan qaçır, hər epizodun yeni, orijinal quruluş həlini axtarır.
Amin Novruzovun quruluşçu operatoru olduğu “Musiqili xaş”, “Cin mikrorayonda”, “Süd dişinin ağrısı”, “Özgə vaxt”, “Yalan” kimi filmlər sənətsevərlərə yaxşı tanışdır. 1997-ci ildə rejissor və operator kimi quruluş verdiyi “Ləqəbi “İkadır” filmi onun rejissor kimi də sənət fəaliyyətini səciyyələndirir.
“Mozalan” satirik kinojurnalında Amin Novruzovla bir sıra bədii və sənədli süjetlər çəkən Xalq artisti Vaqif Mustafayev 1984-cü ildə quruluş verdiyi “Musiqili xaş” qısametrajlı bədii filmində də uğurlu yaradıcılıq əlaqələrini davam etdirir. O zaman Moskvada ikiillik Ali rejissorluq və ssenaristlər kursunda təhsil alan Vaqif Mustafayevin bu kurs işi ilin sənət hadisələri sırasında özünəməxsus yer tutur. Komediya janrında çəkilən filmdə Hacı İsmayılov, Səməndər Rzayev, Yaşar Nuri, Larisa Xalafova kimi aktyorlar maraqlı ekran obrazları yaradırlar. Kursun rəhbəri SSRİ Xalq artisti Eldar Ryazanov “Musiqili xaş”da uğurlu rejissor və aktyor işi ilə bərabər peşəkar operator çəkilişlərini də xüsusi vurğulayır. Filmdə Amin Novruzov iri planlara üstünlük verir. Çəkilişlərin bədii estetikası, yüksək ekran mədəniyyəti quruluşçu operatorun cilalanmış fərdi üslubunu və peşəkarlığını aydın göstərir.
O, 1985-ci ildə Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun quruluş verdiyi ”Cin mikrorayonda” filminin çəkilişlərinə başlayır. Milli kinomuzda mövzu və janr baxımından tamamilə yeni olan bu filmə Amin Novruzov sənətkar məsuliyyətilə yanaşır. Filmin hazırlıq mərhələsində yaxından iştirak edir.
1991-ci ildə isə Amin Novruzov Xalq artisti Ramiz Əzizbəylinin quruluş verdiyi “Bəxt üzüyü” filmini lentə alır. Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Firəngiz Rəhimbəyli, Cahangir Novruzovun, Ayşad Məmmədovun obrazları tamaşaçı sevgisi qazanır. Quruluşçu operatorun kompozisiya və bədii təsvir xüsusiyyətləri onun yaradıcılıq üslubuna yeni inkişaf yönümündən işıq salır.
“Ləqəbi “İkadır” filminin rejissoru Teymur Bəkirzadə 1995-ci ildə qəflətən dünyasını dəyişir. Filmin quruluşçu operatoru olan Amin Novruzov özünü rejissor kimi sınayır. Rejissor debütü uğurlu olur. 1997-ci ildə Minskdə “Listopad” beynəlxalq kinofestivalında iştirak edən bu film MDB ölkələrinin İcraiyyə Komitəsinin Prizini qazanır. Beynəlxalq kinofestivalda Amin Novruzov rejissor və operator kimi yüksək professionallığına görə Diplomla təltif olunur. 2002-ci ilin avqust ayında isə “Ləqəbi “İkadır” filmi Bakıda keçirilən “Bizim naməlum kino” festivalının proqramına daxil edilir. Amin Novruzov uğurlu işinə görə mükafata layiq görülür.
Ötən çağların filmlərindən söz düşəndə Amin müəllim deyir ki, o vaxt “Azərbaycanfilm”in çox gözəl filmləri, rejissorları var idi. Tofiq Tağızadənin, Həsən Seyidbəylinin çəkdikləri filmlər, demək olar ki, dünya səviyyəli filmlər idi. Gənc yaşlarımızda o filmlərə baxaraq ilham alırdıq. Özümüzü həmin sənətkarlara oxşatmağa çalışırdıq. “Uzaq sahillərdə”, “Sən niyə susursan”, “Bir cənub şəhərində” kimi filmlər çox sevdiyim filmlər sırasındadır. “Bir cənub şəhərində” filminə ilk dəfə baxanda operatorun çəkiliş üslubu mənə çox güclü təsir bağışladı. Bu filmdə Ocaqov geniş bucaqlı obyektivdən istifadə edərək sanki tamaşaçını ekrana daha da yaxınlaşdırırdı. Bu üsul aktyor oyununu incəliklərinə qədər müşahidə etməyə, onların daxili aləmini duymağa zəmin yaradırdı. İşıq və başqa texniki vasitələrlə ekran obrazlarının daha da qabardılması Rasim Ocaqov tərəfindən çox gözəl həyata keçirilirdi. Bunlar bizim üçün əsl məktəb idi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Əməkdar incəsənət xadimi, İttifaqın üzvü Amin Novruzovu 75 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır.