Məsud Pənahi – 80

12:16 - 9 Yanvar 2023

Yanvarın 10-u Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 yaşı tamam olur. Bu münasibət ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti yubiliyarı  səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayır.

Nəzərinizə çatdırırıq ki, Məsud Pənahi 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu rejissor kurslarını bitirib. Məsud Pənahi animasiya kinosunun rejissorlarından İvan İvanov və Fyodr Xitrukdan dərs alıb. 1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışıb. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil edib, onlarla animasiya mütəxəssisi yetişdirib. Məsud Pənahi məşhur “Pıspısa xanım və Siçan bəy” animasiya filminin müəllifidir. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır?” animasiya filminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında “Qız qalası əfsanəsi” animasiya filminə görə iştirak diplomu ilə təltif edilib. 1979 –cu ildən Almaniyada yaşayan yubiliyar Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib. M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporunun dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı faciəsindən bəhs edən “Sükutun pozulması” animasiya filmidir. 2018-ci ildə Məsud Pənahi Azərbaycan animasiyasına verdiyi töhfəyə görə 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub. 2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub. O, 2022-ci ildən Azərbaycan Animasiya Assosiasiyasının üzvüdür.

Qeyd edək ki, yanvarın 10-u saat 15:00 –da  C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Film Fondunda tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubiley  tədbiri keçiriləcək.Tədbirə giriş sərbəstdir.