Bakıda Rusiya kinosu günləri olacaq

10:41 - 19 May 2023

19-21 may tarixlərində Bakıda “Rusiya Film Festivalı” brendi ilə kino günləri keçiriləcək. Bakıdakı Rus Evindən verilən məlumata görə, “Roskino” tərəfindən təşkil olunan festival “CinemaPlus Azerbaijan Cinema” kinoteatrında keçiriləcək. “Rusiya Film Festivalı” Azərbaycanda artıq üçüncü dəfə təşkil edilir. 2021-ci ildə festival onlayn formatda, ötən il isə hibrid formatda – onlayn və oflayn keçirilib.

Festival çərçivəsində beş film pulsuz nümayiş olunacaq. Tamaşaçılar fantastika janrında olan “Qırmızıpapaq” adlı ailə filmini, “Dalğalar” kinodramını, “Libereya: xəzinə ovçuları” macəra hekayəsini, həmçinin Rusiya prokatında uğur qazanan “Qar kraliçası: donun əriməsi” və “Gəlin qaçıran. Kaşşey” cizgi filmlərini seyr edə biləcəklər.

Festivalın son günündə nümayiş olunacaq “Dalğalar” filminin prodüseri Bakıda anadan olmuş Səbinə Yeremeyevadır. O, Avropa Kino Akademiyasının üzvüdür. Filmin premyerası 2022-ci ildə olub.

“Film mürəkkəbdir – yaxınlarının itirilməsi, həyatda yeni mənanın axtarışı barədə bəhs edir, ona görə güman edirəm ki, tamaşaçıların emosional qavrayışı da sadə olmayacaq. Lakin filmin hekayəsi və məkanının maraqlı və bədii kino dilində həll olunduğuna, finalda isə qəhrəmanlarda ümid yarandığına görə mən filmin nümayişindən sonra ekran əsərinin estetik cəhətdən qəbul olunacağına və ondan düzgün zövq alınacağına ümid edirəm”, – deyə Səbinə Yeremeyeva qeyd edib.

Prodüser bildirib ki, Azərbaycan dilində də film çəkməyi planlaşdırır: “Mən yarı azərbaycanlıyam, ailəm qismən Bakıda yaşayır, bura mütəmadi olaraq gəlirəm. Uzun müddətdir ki, yerli kinematoqrafçılar ilə əməkdaşlıqda Azərbaycan dilində film çəkmək istəyirəm. Güman edirəm ki, bu işdə faydam ola bilər”. Onun sözlərinə görə, film üçün artıq ideya və maraqlı – “elçilik və ya Azərbaycanda evlənmək” mövzusu var.

“Russian Film Festival” brendi ilə Rusiya kinosu günləri 2020-ci ildən Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Roskino” tərəfindən təşkil edilir. Ötən üç festival 30 ölkədə keçirilib və ümumilikdə 6,5 milyondan çox tamaşaçı toplayıb.